Bu gün Azərbaycanda növbədənkənar parlament seçkisi keçirilir.

Diaspora.TV xəbər verir ki, 125 deputat mandatı uğrunda 990 namizədin mübarizə apardığı seçkidə saat 08:00-da səsvermə başlayıb və saat 19:00-a qədər davam edəcək.

Qeyd edək ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.

Seçkidə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Seçki marafonunda mübarizə aparan namizədlərin faiz nisbəti ilə yaş qruplarına bölgüsü aşağıdakı kimidir:

18-39 yaş — 39,4%

40-59 yaş — 43%

60 yaş və yuxarı — 17,6%.

Gender bölgüsünə əsasən isə namizədlərin faiz nisbəti ilə say bölgüsü belədir:

Qadın — 26,4%

Kişi — 73,6%.

990 namizədin 308 nəfəri 25 siyasi partiyanın nümayəndələridir.

Bununla yanaşı, Milli Məclisə seçkidə ölkə üzrə 6 477 seçki məntəqəsi fəaliyyət göstərir.
Məntəqələrdən 6 343-ü daimi, 134-ü isə müvəqqətidir. Bu məntəqələrdən 54-ü işğaldan azad edilən ərazilərdədir. Həmçinin, həmin ərazilərdə 42 mindən çox seçici var. Ümumilikdə isə Azərbaycanda hazırda 6 421 073 nəfər seçici var.

Onu da qeyd edək ki, 1 000 məntəqədə veb-kameralar quraşdırılıb və bu, ölkənin bütün coğrafiyasını əhatə edir. Bütün proseslər kameralar vasitəsilə qeydə alınacaq.

Seçkini 112 min 749 yerli, 604 nəfər isə beynəlxalq müşahidəçi izləyəcək.
#diaspora #diasporatv #azərbaycan #parlament #seçki