Hadisə ilə bağlı redaksiyamıza yeni informasiya daxil olub. Məlumatı verən İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyevdi. O, ermənilərin təxribatla bağlı əvvəlcədən planlarının olduğunu söylədi:
“Matçın martın 27-də keçiriləcəyi elan olunandan bizdə belə məlumat var idi. Təxribatı törədənlər erməni diasporunun nümayəndələridi. İnformasiya belə idi ki, onlar bilet alıb, oyun vaxtı öz bayraqlarını qaldırmaq istəyir. Biz də bu məlumatı araşdırmağa başladıq. Əldə etdiklərimizi göndərdik əfsanəvi futbolçumuz İqor Ponomoryova ki, o da AFFA-nı xəbərdar etsin. Bundan başqa, Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədovu da məlumatlandırdıq. Sonra başladıq bu istiqamətdə işlər görməyə. Konqresin bu məsələdə çox əməyi oldu. Komandamıza çox insan cəlb etdik. Çünki yetərincə informasiya toplamalıydıq. Burda — hüquq-mühafizə orqanlarında çalışan dostlarımız var. Onlardan da kömək istədik. Sonra ermənilərin forumundan öyrəndik ki, Sırva adlı erməni bunları başlarına toplayıb. Onlar qrup şəklində hərəkət etmək istəyirdilər. Danışıqlarından belə başa düşdük ki, həm azərbaycanlıların olduğu, həm də digər sektorlara bilet almaq istəyiblər. Mən sizə həmin yazışmaları da göndərmişəm. Ermənilər Laçın dəhlizində başverənlərlə bağlı öz dillərində plakat da açmaq istəyiblər. Bu informasiyaları əldə etdikdən sonra polisə zəng vurub, xəbərdarlıq etdik. Şəxsən İsveçdəki polis rəisi ilə görüşdük, oyundakı asayişi qoruyan qurumun rəhbəri ilə danışığım oldu. Belə düşünürdük ki, onlar toqquşma yaratmaq istəyir. Məni əsas narahat edən məqam bu idi. İki tərəf arasında toqquşma olmasını istəmirdik. Oyun günü məlumat gəldi ki, onlar isveçli azarkeşlərlə birgə stadiona daxil olub. Özlərini isveçli kimi təqdim ediblər. Biz əvvəlcədən təşkilatlanmışdıq. Hər sektora 3-4 bilet almışdıq. Görüntülərdən də aydın olur ki, plakatın qaldırıldığı yerin sağ tərəfində Azərbaycan bayrağı var. Bizim nümayəndələr də bunu görərək polisə və təhlükəsizlik xidmətinin əməkdaşlarına müraciət etdi. Onlar 30 saniyə ərzində bütün bayraqları yığışdırdı. Bu məsələləri danışmaya da bilərdim. Lakin Konqresin üzvləri çox əziyyət çəkdi. Onlar məsələnin tam fərqli təqdim olunmasına görə incik düşüb. Qurum olaraq AFFA-nı və səfirliyi xəbərdar etmişdik. Hətta ermənilər bizə mesaj göndərmişdilər ki, guya azərbaycanlılar olan sektora basqın edəcəklər. Onların buna cəsarətləri çatmadı. Biz istənilən vəziyyətə hazır idik. Həqiqətən Konqres üzvlərinin bu məsələdə böyük əməyi oldu. İstəmirəm ki, bu diqqətdən qaçsın. Ümid edirəm ki, yığmamız noyabrda Azərbaycanda keçiriləcək oyunda qələbə qazanacaq. Biz də həmin görüşdə iştirak etməyə çalışacağıq”.