Isveç Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvləri Emil Mirzoyev və Ülviyyə Yutenes İsveçin paytaxtı Stokholmda keçirilən Şərq Tərəfdaşlığı üzrə seminarın panel müzakirələrində iştirak edib. Diasporla İş üzrə Dövlət Komitəsindən  qəzetimizə verilən məlumata istinadən,  İsveç Beynəlxalq Siyasət İnstitutunun təşkil etdiyi tədbirə siyasətçilər, diplomatlar, İsveç Xarici İşlər Nazirliyinin nümayəndələri, politoloqlar və jurnalistlər daxil olmaqla yüzə yaxın iştirakçı qatılıb.
Müzakirələrdə çıxış edən İsveç Azərbaycanlıları Konqresinin rəhbəri Emil Mirzoyev bu proqramın ona üzv ölkələrdə təhlükəsizliyin təminatında böyük rol oynaya biləcəyinə toxunaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həlll olunmamasını, Azərbaycan torpaqlarının işğalının davam etməsini vurğulayıb.
Şərq Tərəfdaşlığının postsovet məkanındakı əməkdaşlığına gəlincə, Emil Mirzoyev bildirib ki, Avropa İttifaqı bölgədəki xarici siyasətinin bəzi məqamlarına yenidən baxmazsa, gələcəkdə layihənin icrası ilə bağlı hər hansı uğur gözləmək çətin olacaq.
İsveç Azərbaycanlıları Konqresi seminarda Azərbaycanı təmsil edən yeganə təşkilat olub.
NƏZAKƏT