İsveç Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Stokholmda “Heydər Camalın xatirəsinə — Qarabağ poeziyası” adlı tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, İsveç ictimaiyyətinin və Azərbaycan diaspor nümayəndələrinin iştirak etdiyi gecənin qonaqları arasında Heydər Camalın ailə üzvləri – həyat yoldaşı Gülnar Camal, oğlu Orxan Camal, qızı Kövsər Camal, eləcə də Rusiyanın tanınmış jurnalist və politoloqu Maksim Şevçenko da olub.
Tədbiri giriş sözü ilə açan İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev Heydər Camal haqqında qısa məlumat verib, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin Rusiya ictimaiyyətinə çatdırılmasında Heydər Camal yaradıcılığının xüsusi yer tutduğunu vurğulayıb. Qeyd edilib ki, 30 ilə yaxındır işğal altında olmasına baxmayaraq, Qarabağ hələ də Azərbaycan ədəbiyyatının və musiqisinin beşiyi sayılır və dünyanın harasında yaşamasından asılı olmayaraq, azərbaycanlılar mədəni irsimizin gələcək nəsillərə ötürülməsi üçün bütün gücünü səfərbər edir.
Heydər Camalı öz müəllimi hesab edən Maksim Şevçenko onunla dostluq əlaqələrindən bəhs edib, xatirələrini bölüşüb. M.Şevçenkonun sözlərinə görə, Heydər Camal tez-tez Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti haqqında söhbət edərmiş və Qarabağ xanlarının nəslindən olması ilə qürur duyarmış. Ona görə də Maksim Şevçenko hesab edir ki, Heydər Camalın fəlsəfi əsərləri və şeirləri mütləq Azərbaycan dilinə tərcümə edilməlidir.
Şairin oğlu, Rusiyanın tanınmış jurnalisti Orxan Camal özünün içtimai xadim və jurnalist kimi formalaşmasında atasının böyük rolu olmasından bəhs edib. Şairin qızı Kövsər isə atasına həsr etdiyi şerini oxuyub. Azərbaycanlı şairə və dramaturq Leyla Bəyim Heydər Camalla bağlı xatirələrini bölüşərək, onun Qarabağ torpağına bağlılığı, Xurşudbanu Natəvan ilə qohumluq əlaqələri haqqında danışıb.
Sonda Praqada ingilis və rus dillərinə nəşr olumuş “Qarabağ ürəyi” kitabının təqdimatı olub. Kitabda Xurşudbanu Natəvanın, Heydər Camalın və Leyla Bəyimin şeirləri toplanıb.