Xaricdə yaşayan azərbaycanlı alimlərin forumunda təklif etdim ki… — Professor Сен 15, 2024 | главные новости “9-11 sentyabr 2024-cü il tarixlərində Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu olduqca mühüm hadisə idi”.Bu sözləri Diaspora.TV-yə açıqlamasında Türkiyədə yaşayan soydaşımız, Ege Universitetində Türk Dünyası Araşdırmalar İnstitutunun Sosial, iqtisadi və siyasi əlaqələr şöbəsinin müdiri, professor Vəfa Kurban deyib.V.Kurbanın sözlərinə görə, forumda peşə müxtəlifliyinin olması, elmi əməkdaşlıq və bilik mübadiləsi üçün əla fürsət təqdim edib:“Bu forumda olmaq mənə böyük şərəfdir və həm akademik səviyyədə, həm də şəxsən mənim üçün dərin məna kəsb edir. Forum dünyanın 23 ölkəsindən çoxlu sayda alimləri bir araya gətirdi. İştirakçılar tibb, mühəndislik, sosial elmlər və bir çox digər sahələrdə ixtisaslaşmış akademiklərdən ibarət idi”.Diaspor fəalı bildirib ki, Ege Universitetində Azərbaycanla bağlı araşdırmalar aparır, müxtəlif simpoziumlar təşkil edir:“Bu cür beynəlxalq forumlarda iştirak etmək və digər alimlərlə əməkdaşlıq akademik tədqiqatlarımızın keyfiyyətinin yüksəldilməsi və beynəlxalq səviyyədə səmərəli olması üçün böyük əhəmiyyət kəsb edir. Forumda keçirilən dəyirmi masalarda gələcək planlamalar aparılıb. Planlaşdırma zamanı təklif etdiyim bir neçə layihəni qeyd etmək istərdim. Birinci layihə Cənubi Qafqazdakı son hadisələri sosial, iqtisadi və siyasi baxımdan müzakirə edəcəyimiz bir simpozium təşkil etmək idi. Bu təklifim regiondakı mövcud vəziyyəti hərtərəfli araşdırmaq məqsədi daşıyır. Başqa bir təklifim Qərbi Azərbaycan həqiqətlərinin dünyaya daha geniş yayılması ilə bağlıdır. Biz əvvəllər bu mövzunu konfrans formatında müzakirə etmişik, indi isə bu işi daha geniş formatda, bəlkə də seminar və ya simpozium şəklində qiymətləndirməyi düşünürük. Qərbi Azərbaycan həqiqətlərinin tarixdən bu günə qədər dünya ictimaiyyətinə tarixin və bu günün prizmasından daha səmərəli şəkildə təqdim edilməsi vacibdir. Bununla yanaşı, Azərbaycanda Alban kilsələri üzrə ekspertlər dəvət edərək, bu kilsələrin tarixini və hazırki vəziyyətini beynəlxalq səviyyədə tanıtmağı qarşımıza məqsəd qoymuşuq. Bu kontekstdə müvafiq görüşlər təşkil etməklə bu məsələnin beynəlxalq aləmdə daha çox işıqlandırılmasını hədəfləyirik. Digər bir təklifim isə Zəngəzur dəhlizi ilə bağlı elmi araşdırmaya başlamaqdır. Bu layihə çərçivəsində Zəngəzur dəhlizinin iqtisadi, siyasi, tarixi və strateji ölçülərini əks etdirən redaktə edilmiş kitab hazırlanacaq. Mütəxəssislərlə birlikdə kitab üzərində işləməyə başladıq və bu kitabı ingilis dilində “Cambridge Scholars Publishing”də nəşr etməyi planlaşdırırıq, burada dörd kitabım daha əvvəl nəşr olunub. Bu, Beynəlxalq Akademik Şəbəkəmizi gücləndirəcək və əhəmiyyətli töhfə verəcək”.“Mən bu fikirləri forumda müxtəlif akademik fənlərdən olan ekspertlərlə bölüşdüm və düşünürəm ki, yaxşı akademik şəbəkə yaradılıb. Forumun təşkilində əməyi olanlara, xüsusilə Elm və Təhsil Nazirliyimizə, Diasporla İş üzrə Dövlət Komitəsinə və Azərbaycan Alimlər Birliyinə təşəkkürümü bildirirəm”, — deyə V.Kurban bildirib.Xəyalə ZöhrabDiaspora.TV