Stokholm, 6 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu maarifləndirici layihəsinin ikinci mərhələsinə start verdiyini elan edib.

AZƏRTAC xəbər verir ki, bu il fondun səyləri ilə 15 azərbaycanlı tələbənin xaricdə təhsil alması üçün ərizələrin qəbulu prosesi həyata keçiriləcək. Təhsil layihəsi gələcəkdə Azərbaycanın davamlı inkişafına töhfə verəcək tələbələrin dəstəklənməsi məqsədi daşıyır.

Fond bütün mərhələlərdə dəstəyi təmin edir: məsləhətləşmə, universitetlərin seçimi, ərizələrin verilməsi, vizaların və təqaüdlərin rəsmiləşdirilməsi. Bu proseslərlə bağlı bütün xərcləri fond üzərinə götürür.

Namizədlərin qeydiyyatı yanvarın 31-dək davam edəcək, bundan sonra akademik göstəricilərə və ingilis dili biliyinə əsasən 15 tələbə dünyanın aparıcı universitetlərində təhsilini davam etdirmək imkanı əldə edəcək.

Ötən il Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun maarifləndirici layihəsi çərçivəsində yüksək akademik göstəricilərə malik 10 tələbə seçilib və onlar hazırda müxtəlif ölkələrin ali məktəblərində təhsil alırlar.

Qeyd edək ki, fond İsveçdə 2023-cü ilin may ayında xaricdə yaşayan soydaşlarımız – Emil Mirzəyev və Hikmət Cavadov tərəfindən təsis edilib.

https://azertag.az/xeber/dunya_azerbaycanlilarinin_beynelxalq_fondu_azerbaycanli_telebeleri_desteklemekde_davam_edir-3318751